Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto

Tarix: Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub.

BUTA.TV xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr paylanıb.

Sonra Leyla Əliyeva uşaqlarla birlikdə İDEA İctimai Birliyinin "Şəhər ekologiyası" ("Urban Ecology") layihəsi çərçivəsində Mərkəzi Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10 sincab buraxıb. "Şəhər ekologiyası" layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə çoxalmasıdır.

Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də İDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.