“Vaşinqton Post” nəşrinin iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində yeni əməliyyat hazırlayıblar. Başqa sözlə Ukrayna kəşfiyyatı ötən dəfəki “Hörümçək toru” əməliyyatını başqa formada Rusiya ərazisində təkrarlamaq əzmindədir. “Hörümçək toru” 3 hissədən ibarət idi. Əvvəlcə, Rusiyanın dəmiryollarında partlayışlar baş verdi, daha sonra Rusiya ərazisinə keçirilən dronlar vasitəsilə hava limanlarındakı bombardmançı təyyarələrin bir qisminə zərbələr endirildi, sonda Krım körpüsünün dayaqlarından biri partladıldı.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, nəşrin iddiası gerçək olmasa belə, bu kimi xəbərlərin yayımlanması Rusiya hakimiyyətinə qarşı psixoloji savaşın tərkib hissəsidir:
“Kremldə qara-qara düşünürlər ki, Ukrayna kəşfiyyatı bu dəfə haranı partladacaq? Kreml sahibi nazirlərə təhlükəsizlik tədbirlərini artırmağı əmr edib. Rusiyada bu kimi əmrlərin necə yerinə yetiriləcəyi bəllidir, şübhəlilər bəhanəsiyilə Rusiyada çalışan miqrant işçilər sıxışdırılacaq, xüsusi təyinatlılar onların çalışdıqları yerlərə və qaldıqları evlərə soxulacaqlar, yollarda nəqliyyat vasitələri kütləvi yoxlanılacaq, bu da kollaps yaradacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Kreml sahibinə və sıravi vətəndaşlara rahatlıq olmayacaq”.