Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Tarix: Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır. Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistandakı hökumət-kilsə qarşıdurması haqda qeyd edib.

“Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə ona qarşı silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan Paşinyana müraciət edərək, istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı.

Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstanyan adlı keşişi irəli sürdü. O, İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu.

Bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib. Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür: “Ya mənimlə yola davam edəcəksiniz və bu, Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəksiniz, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəksiniz”, - politoloq vurğulayıb.