Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

15:18 - 23 Fevral 2026 - GÜNDƏM

 Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

BUTA.TV xəbər verir ki, qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı dövlətlərə konkret tədbirlərin hazırlanmasında və həyata keçirilməsində yardımın göstərilməsi səlahiyyətləri, həmçinin belə yardımı təmin etmək üçün günün iyirmi dörd saatı, həftənin yeddi günü fəaliyyət göstərən (24/7) əlaqə mərkəzi funksiyaları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, ekstradisiya və ya müvəqqəti həbsə dair sorğuların göndərilməsi və qəbul edilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır.

Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol