Azərbaycanda uzun müddətdir müzakirə edilən və yayımının zərərli olduğu haqda fikirlər səsləndirilən verilişlər bir-birinin ardınca bağlanır. İlk olaraq Tarix Əliyev və Elgiz Əkbərin “Tarixin bu günü” və “Elgizlə izlə” verilişləri dayandırıldı.
Daha sonra isə ARB və ATV telekanallarında yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, Zaur Baxşəliyevin “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng” verilişlərinin bağlandığı haqda xəbərlər yayılıb.
Sözügedən mövzu ilə bağlı Mətbuat Şurası İH üzvü, media eksperti Müşfiq Ələsgərli BUTA.TV-a açıqlamasında bildirib ki, əyləncəli proqramların təşkil olunması medianın funksiyalarından biridir:
“Media maarifləndirir, məlumatlandırır, həm də əyləndirmə funksiyalarını yerinə yetirir. Vacib məqam əyləndirmə prosesinin içində də maarifləndirmə və məlumatlandırma elementlərinin olmasıdır. Şou proqramlarda belə ictimai məzmun və marağa xidmət edən elementlər olması vacibdir”.
Ekspert bəzi telekanallarda şou proqramların çox bayağı, qeyri-peşəkar hazırlandığına və ictimai marağa zidd mövzuların müzakirəyə çıxarılmağına diqqət çəkib:
“Bu amil xüsusilə ailə və məişət məsələlərinin primitiv və ziyanlı formada təqdim olunmasında özünü büruzə verir və narahatlıq doğurur.
Yəni ümumi şəkildə yanaşsaq, əyləncəli proqramların təşkili media fəlsəfəsinə zidd deyil. Problem bəzi televiziya verilişlərinin qeyri-peşəkar hazırlanması, mövzuların ictimai əxlaq və düşüncəyə zidd formada müzakirəyə çıxarılmasıdır. Bu səbəbdən şou proqramların efirdən yığışdırılması və onların yerinə keyfiyyətli verilişlərin təqdim olunmasına dair tələblər haqlı və vacibdir”.
Müşfiq Ələsgərli vurğulayır ki, bəzən auditoriyanı cəlb etmək üçün bayağı verilişlərin hazırlanması ilə bağlı yanlış iddialar səsləndirilir:
“Azərbaycanda efir mədəniyyəti və təcrübəsi mövcuddur. Zamanla ciddi və əhəmiyyətli məsələlər ətrafında siyasi və digər mövzularda şou proqramlar hazırlanıb və kifayət qədər auditoriya əldə edib. Düşünürəm ki, bu məsələdə ciddi addımlar atmağın vaxtı çatıb”.
Televiziya tədqiqatçısı, jurnalist, professor Qulu Məhərrəmli isə saytımıza açıqlamasında qeyd edir ki, auditoriyanın izlədiyi verilişlərin bağlanması televiziya üçün uğur deyil:
“Uğur o zaman olur ki, televiziya düşünülmüş, maraqlı tamaşaçı auditoriyası toplaya bilən, televiziya meyarlarına uyğun gələn cəlbedici proqramlar hazırlasın. Zaman-zaman verilişlər belə olur. Öz taleyini yaşayır, bağlanır və yeni proqramlar ekrana gəlir. Məncə, indi də belə olacaq.
Xüsusən özəl televiziyalardan söhbət gedir. Onlar indiki şəraitdə müsabiqə yoluyla, yaxud uyğun, yaradıcı heyət toplamaqla xarici televiziyalardan, firmalardan maraqlı televiziya layihələri ala bilərlər. Bunun üçün, təbii ki, müəyyən maliyyə vəsaiti lazımdır. Amma mümkündür.
Tamaşaçını ancaq və ancaq faydalı verilişlərlə cəlb etmək olar. Mövcud reallığı, insani münasibətləri, dəyərlərin təbliği, gənclərə maraqlı mesajların verilməsi verilişlər vasitəsilə mümkündür və həmişə olub. Ona görə də, baş sındırmaq, layihələr üzərində çalışmaq və auditoriyanı qaytarmaq üçün kreativ addımlar atmaq lazımdır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" istiqaməti üzrə hazırlanıb.
- Bayram tətilindən sonra dərslərin başlanma tarixi...
- Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
- ABB-eSİM xidməti istifadəyə verildi!
- Bakıda bu mağazanın fəaliyyəti məhdudlaşdırıldı - Video
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Dövlət sirrini yayan xarici vətəndaşa hökm oxundu
- 65 yaşlı kişi nərdivandan yıxılıb öldü
- Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu