Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.
BUTA.TV İTV-yə istinadla xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev qüvvədə olan qaydalara əsasən, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatının birdəfəlik xarakter daşıdığını bildirib.
“Dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün imtiyazlı şəxslər yalnız bir dəfə növbəyə götürülə bilərlər. Mənzil təminatının əsas məqsədi vətəndaşı ideal və ya genişləndirilmiş yaşayış şəraiti ilə təmin etmək deyil, yalnız minimum yaşayış ehtiyacını aradan qaldırmaqdır. Ailə tərkibinin artması və ya subyektiv məmnunsuzluq kimi hallar hüquqi baxımdan yeni təminat hüququ yaratmır”, - o vurğulayıb.
Əliməmməd Nuriyev qeyd edib ki, təkrar müraciətlər yalnız çox ciddi və istisna hallarda qiymətləndirilə bilər:
“Yalnız təbii fəlakət və ya yaşayış sahəsinin tam yararsız vəziyyətə düşməsi kimi hallar yeni hüquqi situasiya kimi qəbul olunaraq təkrar müraciətlər üçün əsas ola bilər. Lakin bir şəxsin eyni əsasla ikinci dəfə mənzil tələb etməsi, digər ehtiyacı olan vətəndaşların hüquqlarına müdaxilə hesab olunur və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.
Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi üçün hazırlanıb. Nazirlik tərəfindən əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. İndiyədək bu kateqoriyadan olan 16 000-dən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.
Beləliklə, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını “birdəfəlik” prinsip üzərində qurur və təkrar müraciətlər yalnız fövqəladə hallar istisna olmaqla mümkün hesab edilmir.
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı
- Bakıda pariklə dələduzluq edən şəxs tutuldu - Video
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər