Xızının Fındığan kəndi içməli su ilə təmin olundu - Foto

17:54 - 8 May 2026 - GÜNDƏM

 Xızının Fındığan kəndi içməli su ilə təmin olundu - Foto

Xızı rayonunun Fındığan kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Layihə çərçivəsində Xızı rayonu, Fındığan kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su anbarı təmir olunub, kənddaxili şəbəkə yenidən qurulub və 4,4 km uzunluğunda yeni su xətti çəkilib. Bununla yanaşı, siyirtmələr otağı və gözətçi məntəqəsinin binası əsaslı təmir olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə abonentlər üçün ümumilikdə 87 su sayğacı quraşdırılıb.

Fındığan kəndinin 542 nəfərlik əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam qarşılamaq mümkün olacaq.

Qeyd edək ki, Xızı rayonu üzrə 11 yaşayış məntəqəsində 2132 abonentə su təchizatı xidməti göstərilir.

Həmçinin, 2026–2027-ci illərdə Şorabad kəndinin su təchizatı sisteminin yenidən qurulması üçün layihə və tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ildə Xızı şəhəri və Altıağac qəsəbəsində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Kənd sakinləri layihənin məhz Heydər Əliyevin 103-cü ildönümündə istifadəyə verilməsini xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol