Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Heydər Əliyev İli” çərçivəsində “Konfidensial” adlı birgə layihəyə start verir.
BUTA.TV AzTv-yə istinadən xəbər verir ki, sənədli silsilənin ilk buraxılışı bu gün saat 22:15-də efirə gedəcək. Birinci hissə “Naturalist” əməliyyatına həsr olunub. Sözügedən əməliyyat Almaniya Federativ Respublikası vətəndaşı, “müstəqil jurnalist” V.B.-nin sovet xüsusi xidmət orqanına cəlb edilməsi haqqındadır.
Ulu Öndər Heydər Əliyev prosesdə şəxsən iştirak edib, “ikili agent” qismində çıxış edən alman vətəndaşla psixoloji kontakt yaradıb. Həmin söhbətin nadir fotoşəkli şərh olunacaq, məzmunu stenoqram sənədinə istinadən təqdim ediləcək.
Qeyd edək ki, sənədli silsilənin ilk buraxılışları Ulu Öndər Heydər Əliyevin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan SSR DTK-da müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş əməliyyat tədbirlərinə həsr olunacaq.
“Konfidensial”da istifadə olunan çoxgedişli kombinasiyaların mütərəqqiliyi göstəriləcək, beynəlxalq təcrübə ilə müqayisəli təhlillər aparılacaq, xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi kimi tədris olunan fəndlərdən danışılacaq. Sonrakı buraxılışlarda isə dövlət təhlükəsizliyinə təhdid olan müasir çağırışlar yer alacaq. Bura müxtəlif ölkələrin xarici xidmət orqanlarının ölkəmizdə həyata keçirmək istədiyi layihələrin məqsədi, əsl mahiyyətinin izahı daxildir.
“Konfidensial”ın ərsəyə gəlməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin xüsusi rolu var. Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Elburus Musayev və Cavid Əliyevdir.
“Konfidensial” sənədli silsiləsinin özəlliyi ondan ibarətdir ki, DTX-nin nümayiş olunacaq arxiv materiallarından bəziləri indiyədək ictimaiyyətə açıqlanmayıb və hələ də “tam məxfi” qrifi altında saxlanılırlar.
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
- Yevlaxda kafedə partlayış: ölən var
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi